Lənkəranda avtomobil su kanalına düşdü

Lənkəranda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə  fevralın 19-u saat 21.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəranın Digah kənd sakini, 21 yaşlı Orxan Əkrəm oğlu Heydərovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetmənin itirilməsi üzündən yolun kənarındakı su kanalına düşüb. Nəticədə sürücü və daha üç nəfər - Lənkəran şəhər sakinləri, 20 yaşlı İbrahim Yusif oğlu Abdullazadə, 25 yaşlı Arif Rasif oğlu Muradov və  22 yaşlı İlkin Azər oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib, lakin  vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

İlkin versiya kimi qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv