Kosovo parlamentinə iki dəfə gözyaşardıcı qaz buraxıldı
Kosovo parlamentində aylardır davam edən müxalifət-iqtidar mübarizəsi ötən gün daha da gərginləşib.
APA TV-nin məlumatına görə, müxalifətçilər parlamentin iclası zamanı zala gözyaşardıcı qaz şaşkaları atıb. Onlar bu yolla baş nazirin müavini Haşim Taçinin Kosovo prezidentliyinə namizədliyinə etiraz ediblər.
Hadisə baş verən vaxt parlamentin spikeri Kosovo Qurtuluş Əsgərlərinin Serbiya məhkəmələri tərəfindən cəzalandırılması əleyhinə bəyanatı oxuyurmuş. Qəfildən müxalifətçi deputatların sırasından iqtidar deputatları istiqamətində qaz şaşkaları atılıb.
Hadisə nəticəsində parlamentin iclasında fasilə yaranıb. Bir qədər sonra toplantı davam etdirilib. Amma sakitlik bərpa olunmayıb. Axşam saatlarında müxalifətçi deputatlar növbəti dəfə zala gözyaşardıcı qaz atıblar.
Bundan sonra 23 millət vəkili zaldan çıxarılıb və iclas müxalifətçilər olmadan davam etdirilib. Aralarında 3 millət vəkilinin də olduğu 6 nəfər saxlanılıb.
Müxalif Kosovonun Gələcəyi üçün İttifaq Partiyasının lideri Ramuş Haradinaj parlamentdə baş verənlərdən sonra ölkədə demokratiyanın olmadığını bəyan edib və millət vəkilliyindən istefa verəcəyini bildirib.
Qeyd edək ki, Kosovoda altı aydır davam edən siyasi gərginlik səbəbindən parlament zalına bir neçə dəfə gözyaşardıcı qaz buraxılıb.
Kosovo prezidenti parlament tərəfindən seçilir. Fəaliyyətdə olan prezident Atifete Yaxyaqın səlahiyyət müddəti aprelin 6-da başa çatır. Yeni prezident seçkisinin vaxtı hələlik müəyyənləşdirilməyib.