Böyük Britaniya ilə Avropa İttifaqı arasında TARİXİ RAZILAŞMA

Brüsseldə Böyük Britaniyanın Avropa İttifaqına gələcək üzvlüyü ilə bağlı mühüm razılıq əldə edilib.

 

APA TV-nin xəbərinə görə, danışıqlardan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan etmişdi ki, o, ölkəsi üçün sərfəli olmayan şərtlərlə razılaşmayacaq.

 

London Brüsselə 28 ölkədən ibarət ittifaqda islahatların aparılmasını təklif edir. Britaniyanın baş nazirinin təklifləri arasında Avropa İttifaqının multivalyuta birliyi kimi tanınması, ittifaq daxilində rəqabətə davamlılığının artırılması, milli parlamentlərin qanunvericilik fəaliyyətində müstəqilliyinin genişləndirilməsi, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi də var idi.

 

Nəhayət, iki günlük danışıqlardan sonra London və Brüssel Avropa İttifaqında islahatlar məsələsində razılığa gəliblər. Danışıqlardan dərhal sonra Devid Kemeron Böyük Britaniya üçün Avropa İttifaqında xüsusi statusa nail olduğunu Twitter vasitəsilə elan edib.

 

Daha sonra jurnalistlərin qarşısına çıxan baş nazir bəyan edib ki, Böyük Britaniya heç vaxt avro zonasının tərkib hissəsi olmayacaq. Onun sözlərinə görə, bazar ertəsi ölkə parlamentində çıxış edəcək və Brüsseldə əldə olunan razılaşmanın detallarını açıqlayacaq. Bu gün isə razılaşma Böyük Britaniya hökuməti tərəfindən müzakirə olunacaq.

 

Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması ilə bağlı referendumun vaxtının da tezliklə elan ediləcəyi gözlənilir. Referendum 2017-ci ilin sonunadək keçirilməlidir.

Müəllif | Apa.Tv
Apa.tv