Ən baha meyvə heyva, ən ucuz tərəvəz kələmdir - PAYTAXT BAZARLARINDA SON DURUM

Paytaxt bazarlarında qiymətlər sabitləşmək üzrədir. Ötən bir həftə ərzində kənd təsərrüfatı mallarının qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb. APA TV qiymətlərlə bağlı bazarlarda növbəti həftəlik monitorinq keçirib.

 

Ən çox tələbat olan kənd təsərrüfatı mallarından kartofun qiyməti 40-70 qəpik arasında dəyişir. Rusiya istehsalı olan kartofun bir kiloqramının orta qiyməti 40-50 qəpik, Şəmkir, Tovuz kartofunun bir kiloqramı isə 60-70 qəpikdir. Soğanın qiyməti də sabitləşmək üzrədir. Hazırda bazarlarda soğanın 3 kiloqramı 2 manata satılır.

 

Kələmin qiyməti ölçüsündən asılı olaraq dəyişir. Yerli kələm sortlarının qiyməti 30 qəpikdən başlayır. Yerkökünün qiyməti nisbətən bahalaşıb. Ötən həftə 40-50 qəpiyə satılan yerkökünün bir kiloqramının qiyməti indi 60 qəpikdən başlayır.

 

Göyərti məhsullarının qiymətində də cüzi bahalaşma var. Bu, bazara təzə mövsümi göyərtinin çıxması ilə izah olunur. Bazarlarda göyərtinin 5-6 dəstəsi 1 manata satılır.

 

Meyvələrin qiymətində isə ötən həftəyə nisbətən ciddi dəyişiklik yoxdur. Süfrəlik “Simerinka”, “Qala”, “Fuje” almalarının bir kiloqramı 1.10-1.30 manatdır. Ən  baha alma həmişəki kimi Qızıləhmədi almasıdır. Tərkibi dəmirlə zəngin olan bu almanın bir kiloqramı 2 manatdan satılır. Bazarlarda ucuz alma sortlarına rast gəlmək olur, kilosu 60-70 qəpiyə satılan bu almaların ölçüləri nisbətən balacadır. Göyçay narı 1 manat 50 qəpiyə satılır, nisbətən kiçik narların kilosunu 1 manata da almaq olur. Bazarda ən bahalı meyvə yenə də heyvadır. Ağdaş və Şabrandan gətirilmiş heyvaları bir kiloqramı 2 manat 50 qəpiyə, Türkiyədən gətirilmiş heyva sortları isə 3 manata satılır.   

 

Sitrus meyvələrinin qiymətində isə nəzərə çarpacaq dərəcədə ucuzlaşma var. Narınginin bir kiloqramı 1,80 manat, portağalın bir kiloqramı isə 1,50 manatdır. Bazarlarda qiyməti 70 qəpik-1 manat arasında dəyişən portağallar da satılır, bunlar daha çox süfrəlik deyil, şirəlik turş sortlardır.

 

Ötən həftə ilə müqayisədə qoyun əti, mal əti və toyuq ətinin qiymətində dəyişiklik olmayıb.

 

Bazarlığınız bərəkətli olsun!

Müəllif | Apa.Tv
Apa.tv