Məşhur yazıçı Umberto Eko dünyasını dəyişdi

Məşhur italyan yazıçısı və filosofu Umberto Eko 84 yaşında vəfat edib.

 

APA TV-nin xəbərinə görə, Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub.

 

Turin Universitetində orta əsr fəlsəfəsi və ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edərək, katolikliyi tərk edib.

 

1954-cü ildə Turin Universitetini bitirərək, tarix və jurnalistika ilə məşğul olub, bir müddət televiziyada və müxtəlif qəzetlərdə çalışıb. 1962-ci ildə alman əsilli Renata Ramqe ilə ailəli həyatı qurub.

 

Yazıçı bir müddət Milan, Florensiya və Turin universitetlərində Estetika və Mədəniyyət nəzəriyyəsi fənlərini tədris edib. Umberto Eko Bolonya Universitetinin professoru, Fransanın  "Fəxri Legion" kavaleri idi.

 

Ən məşhur romanları "Qızılgülün adı", “Fukonun rəqqası”, “Bir gün əvvəlki ada” və digərləridir. Oxucular tərəfindən sevilən "Qızılgülün adı" romanı 2012-ci ildə dilimizə tərcümə edilərək nəşr olunub. Yazıçının son romanı “Sıfır Sayı” 2015-ci ildə işıq üzü görüb.

 

Umberto Eko deyirdi: "Mən hər yerdə rahatlıq axtarmışam. Lakin rahatlığı məhz burada tapdım: bir küncdə və yalnız kitabla".

Müəllif | Apa.Tv
Apa.tv