Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filmi İsveçdə nümayiş etdirildi

Anım mərasimində “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı keçirilib

 

İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzində yerləşən “Zita” Teatrında ABŞ və Litvanın birgə istehsalı olan,  çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” (“Endless Corridor”) adlı müstəqil sənədli filmin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı keçirilib.

 

APA TV-nin xəbərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım mərasimi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı  qurbanlarının əziz xatirəsinə ithaf olunub.

 

Çoxlu sayda siyasətçi, diplomat, tanınmış ictimai şəxs və media nümayəndələrinin, Azərbaycanın İsveçdəki səfirinin qatıldığı tədbirdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter bildirib ki, 2008-ci ildə başlayan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində TEAS Afina, Berlin, Brüssel, Florensiya, İstanbul, London, Paris, Strasburq və Vilnüsdə tədbirlər təşkil edir.

 

“Sonsuz dəhliz” filmi Xocalı faciəsinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub. O, qətliamdan xilas olmuş, gözləri qarşısında yaxınları qətlə yetirilmiş insanların bu xatirələrlə necə yaşadıqlarını öyrənmək arzusu ilə geri dönüb. Rusiyalı jurnalist Viktoriya İvleva da iki günlük körpəsini həmin qətliamdan xilas edən ana - Mehribanla görüşüb. Bu hekayələr həyatları öz doğma torpaqlarında erməni işğalı nəticəsində məhv olmuş insanların hekayələridir.

 

Hüquq müdafiəçisi Andres Qomes bu cür dəhşətli qəddarlıq hadisəsi barədə xəbər tutmaq üçün Dağlıq Qarabağ kimi həll olunmamış münaqişələr barədə ictimaiyyəti məlumatlandırmağın vacibliyini qeyd edib.

 

Film ssenaristi Smilla Sahlquist deyibki, bu film insanın vicdanına müraciət edir və cavab tələb edir.

 

Filmin fasiləsi zamanı həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub. Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığını yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib.

 

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.

 

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata - 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

 

Film “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanallarında nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv