Zaqatalada partlayış: 2 nəfər xəsarət aldı

Zaqatalada fərdi yaşayış evində partlayış olub, iki nəfər yanıq xəsarəti alıb.

 

APA TV-nin məlumatına görə, fevralın 19-dan 20-nə keçən gecə rayonun Danaçı kəndində, kənd sakini İsmayıl Yumuxova məxsus, ümumi sahəsi 330 kv. m olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qarışıq mallar mağazasında alovla müşahidə edilən partlayış baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Partlayış zərbəsinin gücündən  mağazanın qapı və pəncərəsi dağılıb. Partlayış baş verən zaman yaranan ani alovdan İsmayıl Yumuxov və Cəbrayıl Kaştayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

 

FHN-in Zaqatala rayon DYMH-dən bildirilib ki, ilkin olaraq partlayışa  qaz sızması səbəb olub.

Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İsmayıl Yumuxova hər iki əlin və sifətin 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Cəbrayıl Kaştayevə isə hər iki əlin və sifətin 1-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti yüngül olduğundan müayinə olunduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov