Bakıda Birinci Milli BMT Modeli Konfransı keçirilir

Bu gün Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı çərçivəsində Birinci Milli BMT Modeli Konfransının (MilliMUN) açılışı olub.

 

APA TV-nin xəbərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Ercan Murat və diplomatik korpusun nümayəndələri iştirak edib.

 

Azad Rəhimov bildirib ki, Azərbaycanda ilk Milli BMT Modeli Konfransının (MilliMUN) keçirilməsi böyük uğurdur. Onun sözlərinə görə, Azərbaycanın hazırda ən böyük prioritetlərindən biri gənclərin təhsili və inkişafı ilə bağlı layihələrin dəstəklənməsi, onların dövlət müəssisələrində layiqli təmsil olunmasıdır.

 

Ercan Murat qeyd edib ki, BMT və Azərbaycanın müvafiq qurumları arasında gənclər siyasəti ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Onun sözlərinə görə, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi təkcə hökumətlərin deyil, həm də ictimaiyyətin məsuliyyəti olmalıdır. 

 

Əbülfəs Qarayev isə nazirliklə BMT-nin qurumları arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb. “Azərbaycan bir sıra komitələrə üzv olması və sıx əməkdaşlıq nəticəsində Qobustan və İçərişəhər dünya mədəni irsinə daxil edilib. Bu isə o deməkdir ki, istənilən müharibələr zamanı bu ərazilərin toxunulmaz qalması təmin ediləcək”.

 

Mikayıl Cabbarov deyib ki, müasir dünya BMT-nin əvvəlkindən daha effektiv fəaliyyət  göstərməsini tələb edir və MilliMUN kimi innovativ layihələrdə iştirak komanda işi, təşəbbüskarlıq kimi xüsusiyyətlərin inkişafına yardım edəcək.

 

Qeyd edək ki, 20-23 fevral 2016-cı il tarixində keçiriləcək Birinci Milli BMT Modeli Konfransında 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350-dən çox gənc diplomat qismində iştirak edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova