Gəncədə “Nikolya Şokolad Muzeyi”nin sərgisi keçirilir
Gəncədə “Nikolya Şokolad Muzeyi”nin sərgisi açılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, sərgi Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı nümayiş etdirilir. Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 000 nəfəri keçib. Sərgi həmçinin 2015-ci ilin may-iyun aylarında Bakıda təqdim olunub.
Gəncə Şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgi ilə bağlı təəssüratlarını bölüşüb: “Bu bir mədəniyyətdir, səviyyədir. İctimaiyyət belə tədbirlərdə bir-biri ilə görüşür, bu və ya digər formada təəssüratlarını bölüşür. Bizim yetərincə rəssamlarımız, memarlarımız var. Gərək belə sərgiləri mütəmadi keçirək”.
Kütləsi 65 kq olan “Qız qalası”, 512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq “Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır. Ekspozisiyada həmçinin məxsusi olaraq Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi təqdim edilir.
Sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün Nikolay Popov ustad dərsləri də keçəcək. Sərgi martın 26-dək davam edəcək.