Riçard Lapaitis: "Deyirlər, səsini kəsməsən, öldürəcəyik"

- Nəyə görə siz bu filmdə ifadə verməyə və şahidlik etməyə qərar verdiniz?

 

- Filmdə nəql edilən hekayənin tarixçəsi çox qısadır. Siz bu filmdə Xocalı sakinlərinin həmin müdhiş gecədə nə yaşadıqlarını, hansı işgəncələrə məruz qalmaları haqqında  öz dillərindən sinxron şəkildə eşitdiniz. Xocalı qətliamının baş verməsindən 20 ildən artıq  vaxt keçməsinə baxmayaraq, mən davamlı olaraq müxtəlif insanlar tərəfindən hədələnirəm. Mənə deyirlər ki, səsini kəsməsən, səni öldürəcəyik. Buna görə də “Sonsuz dəhliz” filminə çəkilməyə razılıq vermək, öz mövqeyimi açıq ifadə etmək, bütün dünyaya kimin haqlı olduğunu və hadisələrin necə baş verdiyini nəql etmək mənim üçün prinsipial məsələ idi. Bundan əlavə, vaxt keçir və bununla məşğul olan bir çox hərbi jurnalistlər artıq peşələrini dəyişib, bəzilər harasa gedib, bəziləri isə artıq həyatda deyillər. Lakin tarix naminə həqiqəti çatdırmaq çox vacib və müqəddəs bir missiyadır. Heç kəs bu vəzifənin öhdəsindən canlı şahidlər qədər layiqincə öhdəsindən gələ bilməz. Vaxt gələcək və bəlkə də tarix yenidən yazılacaqdır. Vaxt gələcək, sizin gördüyünüz bu kadrlar çox mühüm bir sənəd kimi istinad mənbəyinə çevriləcək.

 

- Strasburqda “Sonsuz dəhliz” filminin nümayiş keçirildi. Necə düşünürsünüz, bu filmin burada, belə desək, Avropanın paytaxtında nümayiş olunması nə dərəcədə əhəmiyyətlidir?

 

- Əlbəttə, mən bu barədə düşünmüşəm və həyəcandan hətta ürəyim də əsir. Bu həyəcan sevinc hisslərinin təzahürüdür. Mən özümdə şər üzərində kiçik bir qələbənin olduğunu hiss edirəm. Ortaya belə bir sual çıxır: biz bu filmi ərsəyə gətirməklə, auditoriyaya hansı ismarıcı vermiş olduq? Mən özümü ön plana çəkmək fikrindən uzağam. Rejissorun da özünü göstərmək fikri yox idi. Bu film aramızda olmayan Xocalı qurbanlarının əziz xatirəsinə ithaf olunur və ən əsası, şəhərdə baş vermiş qırğının miqyasını dünyaya çatdırmaqdır. Bu, mənim üçün bir növ kiçik qələbədir. Ədalətə doğru atılan bir addım, lakin böyük bir addımdır.

 

- Bir çox insanlar Xocalı qətliamına skeptik münasibət bəsləyir. Bu dəhşətli qətliamın həqiqətlərini dünyaya çatdırmaq  üçün daha nə etmək olardı?

 

- Bilirsinizmi, mən bu rəylə artıq ilk dəfə deyil qarşılaşıram. Artıq biz Xocalı qətliamının baş verməsinin 24 illiyini qeyd edirik. Getdikcə bütün bunlar unudula bilər. Əlbəttə, ədalətin zəfər çalması üçün daha çox şey etmək olardı. Azərbaycanın bir milyona yaxın məcburi köçkün və qaçqın ordusu var. Bu, Azərbaycan üçün çox ağrılı məsələdir.  Qaçqınlar problemi artıq Avropa üçün  də aktual bir məsələyə çevrilib.

 

Artıq bizim Xocalı faciəsi prizmasından dünyada baş verən bir çox münaqişələrə baxmaq imkanımız var: elə həmin Suriya, Ukrayna, Fələstin və dünyanın digər bölgələrində baş verən qanlı olaylara. Bəşər övladı unutqanlığa meylli məxluqdur. Amma düşünürəm ki, Xocalı faciəsi heç zaman unudulmayacaq. Əgər biz öz humanist hisslərimizi səfərbər edib, dünyanın hər hansı bir hissəsində, heç olmasa bir uşağın da xilasına nail ola bilsək, hesab edin ki, nəyisə yaxşıya doğru dəyişə bilmişik. Mən indi Suriyada baş verən vətəndaş savaşını ürək ağrısı ilə izləyirəm. Düşünürəm Suriyaya səfər edib, orada gördüklərimi qələmə alım.

 

Təəssüf ki, işğal olunmuş Azərbaycan ərazilərinin heç bir metrinin də azad edilməsi üçün hər hansı tərəqqiyə nail olunmayıb. Görün, insanlar nələrdən məhrum olublar. Onlar, sadəcə, doğma yurdlarını itirməyiblər. Vaxt keçdikcə, onlar ümidlərini də itirirlər. Beynəlxalq ictimaiyyətin hərəkətsizliyi onların ümidini öldürməklə məşğuldur, desəm, yəqin ki, yanılmaram.

 

Bəs bizim hərəkətsizliyimiz nədədir? İlk növbədə biz kimin təcavüzkar, kimin qatil olduğunun adını çəkməliyik. Nəyə görə və nə üçün? Hər şeyi öz adı ilə demək lazımdır. İkincisi, elə masa arxasında oturan vasitəçilərin özü münaqişənin davam etməsində maraqlı olan tərəf təəssüratı bağışlayır. Belə olmasaydı, münaqişənin həlli prosesi bu qədər uzanmazdı. Əgər danışıqlar masası arxasında Qarabağın hər iki icmasının nümayəndələri əyləşsəydi, əminəm ki, onlar bu məsələni bir aya həll edərdilər.

 

Bəli, mən ritorikamda sərtliyə yol vermiş oluram. Sizə şahidi olduğum əhvalat haqqında danışmaq istəyirəm. Ötən yay Tovuz rayonunun Əlibəyli kəndində belə bir hadisənin şahidi oldum. Əlibəyli kəndi sərhədə yaxın ərazidə yerləşir. Sərhədin o tayında isə bir erməni kəndi var. Bir erməni kəndçisi sərhəddəki şlaqbauma yaxınlaşaraq orada rastlaşdığı azərbaycanlıya müraciət edir, Əlibəylidəki dostunun sağ qalıb-qalmaması ilə maraqlanır. Azərbaycanlı cavabında hər şeyin qaydasında olduğunu ona çatdırır. Mehriban atmosferdə keçən dialoq məni çox təsirləndirdi. Fikrimcə, sadə insanlar arasında hələ ki, bütün körpülər yandırılmayıb. Bu bir daha onu sübut edir ki, sülhə ümid var. Bir də jurnalist kimi demək istəyirəm ki, Zori Balayan və ona bənzər aranı qatan üzdəniraq  erməni siyasətçiləri, Yaxın Şərq və Avropadan gəlmə ermənilər iki xalq arasında düşmənçilik toxumu səpdilər. Onlar iki qonşu xalq arasında sülhün bərqərar olması ideyasını heç yaxına buraxmaq istəmirlər.

Müəllif | Apa.Tv
Apa.tv