Səhv diaqnoz qara ciyər çatışmazlığı yaratdı
Ülviyyə qaraciyər çatışmazlığından əziyyət çəkən onlarla xəstədən biridir. 1985-ci ildə Yevlaxda doğulub. 4 ildir ki, pulları dava-dərmandadır. Özünün dediyinə görə, xəstəliyə səbəb həkimin qoyduğu səhv diaqnoz olub. APA TV-nin məlumatina görə, həkimlər Ülviyyəyə təcili qaraciyər köçürməsinə ehtiyac olduğunu deyirlər. Ancaq necə...
Ülviyyə deyir ki ,indiyədək bütün nazirliklərə, dövlət qurumlarına yazılı məktub ünvanlayıblar. Ancaq müsbət cavab ala bilməyiblər. Səhiyyə Nazirliyindən göndərilən məktubda isə bildirlir ki, xəstənin əməliyyat etdirilməsi nazirliyin imkanları xaricindədir. Ailənin Azərbaycanda səsinə səs verilmədiyini gördükdən sonra əlac qonşu Türkiyəyə qalıb . İki ölkə arasında müqaviləyə əsasən, hər il 50-yə yaxın xəstə Türkiyədə müalicə ala bilir. Türkiyədən Sadıqovlar ailəsinə bildirilib ki, xəstəni müalicə edə bilərlər, ancaq Səhiyyə Nazirliyindən arayış alınmalıdır. Sadıqovlar ailəsi ümidini üzmür. Ülviyyənin anası Bağdagül Sadıqova qızının yaşayacağına ümidlidir. 5 nömrəli xəstəxanada müvəqqəti müalicə alan Ülviyyə evlərinə getmək istədiyini deyir. Amma biçarənin burda da qarşısına sədd çəkilib. Orqan transplantasiyası təşkilinin mürəkkəbliyi, bahalı olması və mütəxəssis hazırlığı kimi məsələlər bu işi az inkişaf etmiş ölkələrdə qeyri-məqbul və hətta arzuolunmaz edir. Transplantoloqlar hesab edir ki, sosial sığortanın tətbiqi orqan transplantasiyasının inkişafına təkan verəcək. Avropa ölkələrində olduğu kimi... Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə ölkəmizdə sosial sığortanın gələcəkdə tətbiq olunacağına ümid edir. Millət vəkili deyir ki, bu cür xəstələrin xərclərinin yarısını dövlət ödəyir. Lakin onlar, adətən sponsorların köməyi ilə əməliyyat olunurlar. İnsan həyatında çatışmayan çox şey ola bilər. Çalışıb-vuruşub həll etmək də olar. Qaraciyər, ürək, böyrək çatışmazlığı - bu kimi problemlər qarşısında isə aciz qalır insan. Bu problemlər sponsorsuz çözülmür. Ümid edək ki, insanların özü çözə bilmədiyi problemləri çözəcək insanlar da az deyil və onlar Sadıqovlar ailıəsinə də yardımçı olacaqlar. Ülviyyə də məhz belə insanların yardımıyla 4 ildir əziyyət çəkdiyi bu problemdən qurtulacaq.