Ünvanlı sosial yardım üzrə vahid elektron sistem yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Bu səbəbdən Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələri bu prosesdə aparıcı mövqedən çıxış edə bilməyəcək.

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

O bildirib ki, onlar yalnız bu prosesdə  köməkçi rol oynayacaq. Müraciət edən ailələrə aid müvafiq məlumatların elektron qaydada əldə olunması məqsədilə nazirliyin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 20-dən artıq quruma aid informasiya resurslarına çıxış imkanlarının təmin olunacağı nəzərdə tutulur. Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar, habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya nazirliyin “Elektron xidmətlər” portallarındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edə bilərlər.  Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım olan arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq: "6 ay müddətində biz imkan vermişik ki, insanlar əgər elektron girə bilmirsə, çətinlik çəkirlərsə, notariuslardan sonra ailənin bir üzvü gedib vəkalətnamə alacaq. Amma 6 aydan sona onu da ləğv edəcəyik. Əgər kimsə istəmirsə, vəkalətnaməni aldıqdan sonra Əhalinin Sosial Müdafiəsi mərkəzlərində gəlib ərizə bəyannamə forması götürəcək".

 

Nazir bildirib ki, ƏƏSMN tərəfindən yerlərdə səyyar qrup yaradılıb. Qaydalar qüvvəyə minənə qədər ünvanlı sosial yardımla bağlı müraciət edilən sənədlərə baxılacaq və bundan sonra komissiya tərəfindən müvafiq qərar qəbul ediləcək. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova