Azərbaycanın BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi başlayır
Oktyabrın 1-dən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi başlayır. Azərbaycan sədrliyi Avstraliyadan təhvil alacaq. Sədrlik 1 ay davam edəcək.
APA TV-nin məlumatına görə, Azərbaycan 2011-ci ilin 24 oktyabrında ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib.
Azərbaycan üzvlüyə 17 raundluq səsvermədən sonra seçilib. Səsvermənin ilk raundu 21 oktyabrda olub. Həmin səsvermədə Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplayıb. Ancaq yetərsay yəni 129 səs olmadığı üçün Azərbaycanla Sloveniya növbəti raunda qatılıb. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplayıb. Daha sonra səsvermə 9-cu raundadək qalib müəyyən olunmadan davam edib. 24 oktyabrda səsvermə yenidən keçirilib. Səhər sessiyasında keçirilən 10-cu raund səsvermədə də qeyri-daimi üzvlük üçün yeganə boş qalan 5-ci yer müəyyən edilməyib. Azərbaycan 110, Sloveniya isə 83 səs toplayıb.
Sloveniyanın 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi son səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq növbəti iki il ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanıb.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak edib.
Mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik edib. Azərbaycan sədrlik estafetini ABŞ-dan alıb və bir ay sonra - iyunun 1-də isə sədrliyi Çinə ötürüb. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirilib. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi; habelə mətbuat üçün 7 bəyanatı qəbul edilib.
Xatırladaq ki, BMT Nizamnaməsinə əsasən TŞ dünyada sülh və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyan əsas orqandır. TŞ 5-i -ABŞ, Rusiya, Britaniya, Çin, Fransa daimi olmaqla 15 üzvdən ibarətdir. 10 müvəqqəti üzv Baş Assambleya tərəfindən 2 illiyə seçilir. Hər ölkə bir ay ərzində qurumda sədrlik edir.