Yasamalda marketə basqın: satıcını hədələyib kassadakı pulları apardılar

Yasamal rayonunda marketə basqın olub. APA TV-nin  xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən marketlərin birində satıcı işləyən vətəndaşa bıçaqla hədə-qorxu gələrək kassada olan 550 manat pul və tütün məmulatlarının quldurluq yolu ilə ələ keçirildiyi barədə məlumat daxil olub.

 

Satıcının sözlərinə görə, iki nəfər naməlum şəxs kassada olan pulları verməyəcəyi təqdirdə, onu öldürəcəklərini bildirib. Əllərində bıçaq olduğundan, satıcı qorxusundan kassada olan bütün pulları verib.

 

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş iki nəfər - Oktay Tahirov və Vüsal Abbaszadə saxlanılaraq istintaqa təqdim edilib.

 

Vüsal Abbaszadə, saxlanılan şəxs: "Girdik marketə, 550 manat pul idi, götürdük. Bir də bir neçə qutu siqaret..."

 

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

      

Polis əməkdaşları saxlanılan şəxslərin analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. O.Tahirov və V.Abbaszadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-yə müraciət edə bilərlər.

 

Müəllif | Apa.Tv