“Azəriqaz”ın əməkdaşını iş başında döydülər

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident yaranıb. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

 

Qaz istismarı sahəsinin əməkdaşı Ramil Məmmədov Qaraçuxur qəsəbəsində qaz tənzimləyicisini təmir edərkən abonentlərdən biri ona yaxınlaşıb və qazın təzyiqinin artırılmasını tələb edib. “Azəriqaz” əməkdaşı ilə abonent arasında mübahisə yaranıb. Abonent qaz idarəsinin əməkdaşını əvvəlcə əli ilə, daha sonra isə qaz açarı ilə döyüb. Səs-küyə daha bir neçə abonent hadisə yerinə toplaşıb. Onlar da qaz idarəsinin işçisini döyməyə başlayıblar. Ramil Məmmədovun iki iş yoldaşı hadisə yerindən qaça bilsə də, onun özü abonentlərin əlindən xilas ola bilməyib. 

 

Zərərçəkənin qardaşı Anar Məmmədov Ramili beş nəfərin döydüyünü bildirib: “Sakinlərdən biri ona hücum çəkib. Ardınca dörd sakin də həmin şəxsə qoşulub. Beş nəfər onu vəhşicəsinə döyüb. Ciddi kəllə-beyin travması alıb, hazırda reanimasiyadadır. Vəziyyəti yaxşı deyil”.

 

Ramil Məmmədov hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Əməliyyatçılar xəstəxanada “Azəriqaz”ın yaralı işçisinin ifadəsini alıblar. Onu döyənlər axtarılır. Ramil Məmmədov hadisədə iştirak edən abonentləri tanımadığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv