Türkiyə hökuməti “Qalatasaray”-“Trabzonspor” oyununa münasibət bildirdi: “Fəlakətdir”

Futbol üzrə Türkiyə çempionatının 22-ci turunda “Qalatasaray” və “Trabzonspor” klubları arasındakı qalmaqallı oyun siyasi gündəmi də zəbt edib. APA TV-nin məlumatına görə, məsələyə hökumət səviyyəsində münasibət bildirilib.

 

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında terrorla mübarizə, beynəlxalq münasibətlər və digər qlobal məsələlərdən danışarkən “Qalatasaray”-“Trabzonspor” qarşılaşmasındakı hakim səhvlərinə də toxunub. O, hakim Dəniz Atəş Bitnelin qərarlarından razı qalmadığını ifadə edib: “Bir fəlakətdir, kabus kimi bir şeydir. Bir hakim bu qədər sistematik olaraq necə səhv edə bilər, şəxsən mən anlamadım. Özətlərdə gördüyüm vəziyyətlərin heç biri doğru verilmiş qərarlar deyildi. Hər halda, düşünürəm ki, Mərkəzi Hakim Komitəsi lazım olanı edəcək. “Trabzonspor”a keçmiş olsun! Amma “Qalatasaray”a da keçmiş olsun! Bu qədər yanlış qərarlarla alınmış qalibiyyət, hər halda, “Qalatasaray” camiəsini məmnun etməyib”.

 

Xatırladaq ki, bazar günü keçirilən qarşılaşmada “Qalatasaray” “Trabzonspor”a 2:1 hesabı ilə qalib gəlib. Oyunun hakimi Dəniz Atəş Bitnel qapıların hər birinə 1 penalti təyin edib, “Trabzonspor”un dörd futbolçusuna qırmızı vərəqə göstərib. Nəticədə Trabzon klubu qarşılaşmanı 7 futbolçu ilə bitirməli olub.

Müəllif | Apa.Tv
Apa.tv