Suriyada atəşkəs fevralın 27-dən qüvvəyə minəcək - ABŞ-RUSİYA RAZILAŞMASI

Rusiya və ABŞ Suriyada fevralın 27-dən atəşkəsin elan olunması barədə razılığa gəliblər. İndi Moskva və Vaşinqton münaqişə tərəflərini bu sazişi imzalamaq üçün inandırmalıdır.

 

APA TV-nin xəbərinə görə, atəşkəs sövdələşməsi “İraq Şam İslam Dövləti” və “ən-Nüsra cəbhəsi” terror təşkilatlarına aid edilməyib.

 

ABŞ atəşkəs razılaşmasını rəsmən təsdiqləyib. Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda deyilir ki, Dəməşq vaxtı ilə fevralın 27-si saat 00.00-dan (Bakı vaxtı ilə fevralın 27-si saat 00.00) hərbi əməliyyatlar dayandırılacaq.

 

Suriya müxalifətinin nümayəndələri atəşkəs razılaşmasını qəbul ediblər, amma bəzi şərtlərlə. Suriya müxalifətinin danışıqlar üzrə ali komitəsi bəyan edib ki, atəşkəs mühasirələrin götürülməsi, məhkumların azad edilməsi, mülki şəxslərin və humanitar yardım karvanlarının atəşə tutulmasının dayandırılması ilə müşayiət olunmalıdır.

 

Suriyada atəşkəs rejiminə dair sazişi Türkiyə də dəstəkləyib. Bunu Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib: “Düşünürük ki, atəşkəsə nail olmaq mümkündür. Ümid edirik ki, əvvəlki anlaşmalardan fərqli olaraq, bu razılaşmaya əməl olunacaq”.

 

Bununla belə, rəsmi Ankara vurğulayır ki, Türkiyə öz sərhədlərini təhdidlərdən qorumaq hüququnu özündə saxlayır.

 

Suriya prezidenti Bəşər Əsəd isə Rusiya prezidenti Vladimir Putinin tövsiyələrindən birini yerinə yetirib. O, aprelin 13-nə parlament seçkiləri təyin edib. Ölkədə sonuncu parlament seçkisi 2012-ci ildə keçirilmişdi.

Müəllif | Apa.Tv
Apa.tv