Faşistlərin ölüm düşərgəsindən xilas olan sonuncu məhbus öldü

Alman faşistlərinin Polşadakı Treblinka ölüm düşərgəsindən xilas olan sonuncu məhbus kimi tanınan Samuel Villenberq vəfat edib.

 

APA TV-nin "Euronews" a istinadən xəbərinə görə, 93 yaşlı Villenberq ötən həftə İsraildə dünyasını dəyişib.

 

Villenberq İkinci Dünya müharibəsi zamanı Treblinka düşərgəsindən qaçmağı bacaran  67 nəfərdən biri olub. Güclü bədən quruluşuna malik olduğuna görə qaz otağına göndərilmək əvəzinə, xidmət işlərinə göndərilən Villenberq düşərgədə baş verən qiyamdan faydalanaraq qaçmağı bacarıb. Qaçarkən ayağından vurulan və dostlarının cəsədlərinin üzərindən keçdiyini söyləyən Villenberq daha sonra alman faşistlərinə qarşı Polşa müqavimət hərəkatına da qoşulub.

 

Müharibədən sonra bir müddət Polşada, 1950-ci ildən isə İsraildə yaşamağa başlayan Villenberq mühəndis və memar ixtisaslarına yiyələnib, 1980-ci illərin sonunda memuarlarını çap etdirib. 2013-cü ildə üsyanın 70 illiyi münasibətilə Treblinkada keçirilən tədbirlərə qatılıb.

 

Villenberqin cənazəsinə İsrail prezidenti Reuven Rivlin ilə yanaşı, bir çox rəsmi şəxslər də qatılıb.

Müəllif | Apa.Tv
Apa.tv