Tovuzda qəribə hadisə: oğurluğa getdiyi mağazanın damından yıxıldı
Tovuzda qonşusunun mağazasının yaran kənd sakini iş başında xəsarət alıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Düz Cırdaxan kəndində Dilarə Bayramovaya məxsus marketdə baş verib.
Kənd sakini, 31 yaşlı Ceyhun Niftəliyev qonşuluğunda yerləşən mağazanın elektrik xəttini ayıraraq mağazanın damından içəri daxil olub. 50 manat dəyərində danışıq kartları və qəpikləri götürüb geri qayıdarkən isə Ceyhun hündürlükdən yerə çırpılıb.
Mağaza sahibi Dilarə Bayramova hadisəni belə xatırlayır: "Dedi içəridədirlər. Mən mağazanın qabağında idim. Yuxarı ilə qaçırdı. Sərxoş idi deyə özünü tarazlaya bilmədi, düşdü yerə. Düşəndə yürüdüm ki, üzünə baxıb tanıyım. Qaçmaq istədi, amma qaça bilmədi. Sonra dedi ki, qıçım qırıldı. Dedim, boynun qırılsın sənin. Sənə hansı pislik eləmişdim ki..."
Müxtəlif bədən xəsarətləri alan C.Niftəliyevi əraziyə çağırılan polislər Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Həkim Kəmaləddin Abbasovun sözlərinə görə, xəstənin sağ baldır nahiyəsinin aşağı üçdə birində sınıq var. Vəziyyəti kafidir.
Mağaza sahibi Dilarə Bayramovanın bildirdiyinə görə, qonşusu olan Ceyhun Niftəliyev dəfələrlə obyektə gələrək tütün və ərzaq məhsulları istəyib. Ötən gecə isə o, mağazadan 50 manat dəyərində danışıq kartları və xırda qəpiklər götürərkən iş başında yaxalanıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.