Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
2016-cı il dövlət büdcəsi və icmal büdcəyə dəyişiklik edilməsinə iki amil səbəb olub.
APAP TV-nin məlumatına görə, bu barədə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, ilk növbədə dünya bazarında neftin 4 dəfədən çox ucuzlaşması 2016-cı ilin dövlət və icmal büdcənin gəlirlərinin yenidən hesablanmasını zəruri edib. Nazir əlavə edib ki, ötən il manatın əhəmiyyətli dərəcədə ucuzlaşması da dövlət büdcəsi və icmal büdcəyə yenidən baxılmasını şərtləndirib: “Devalvasiya səbəbindən xarici valyutada büdcə xərclərinin yeni məzənnə ilə ödənilməsi üçün maliyyə vəsaiti nəzərdə tutulmamışdı. Bu, dövlət və icmal büdcənin yenidən qiymətləndirilməsini və əlavə mənbələrin axtarılmasını zəruri edib”.
Nazir bildirib ki, 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək: "Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 bareli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb".
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki, 2016-cı il dövlət büdcəsinin faktiki kəsiri potensialdan maksimum istifadə etmək, vergi və gömrük inzibatçılığının keyfiyyətini yüksəltmək və s. mümkün olsa, proqnozlaşdırılan həcmdən az ola bilər.
Daha sonra Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün büdcəsində dəyişiklik edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 milyard 307 milyon 360 min manat, xərcləri 3 milyard 307 milyon 360 min manat məbləğində təklif edilir. DSMF büdcəsinə dəyişiklik qısa müzakirələrdən sonra qəbul edilib.
Cari məsələlərin müzakirəsindən sonra Milli Məclis payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihələrinə dəyişiklikləri təsdiqləyib.
Parlament həmçinin "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklərin məqsədəuyğun olmaması barədə prezidentin təklifini qəbul edib.