Siyavuş Novruzov: “Bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki...”
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov gündəliyi elan edib.
Gündəliyə 6 məsələ daxil edilib. 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə edildikdən sonra millət vəkilləri cari məsələləri müzakirə ediblər. Müzakirələr zamanı deputat Siyavuş Novruzov hökumət üzvlərini tənqid edib. O deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər bu gün iclasda olmalıdırlar. Bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır: “Bugünkü iclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov burada çıxış etdi, xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak etsin. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması bu mənada düzgün deyil”.
Siyavuş Novruzov spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb.
Millət vəkili Fazil Mustafa deyib ki, Milli Məclisə Nazirlər Kabinetinin tam heyətdə gəlməsinə, deputatlar qarşısında hesabat verməsinə ehtiyac yoxdur: "Biz onsuz da bütün günü insanlar qarşısında danışırıq. Ölkə prezidenti yığmayınca, hökumət bir yerə yığışmır, iclas keçirmir. Onlar hesabat verməlidir ki, işsizliyin aradan qaldırılması üçün nə ediblər, hansı iş yerləri açılıb və s."
Millət vəkili Qüdrət Həsənquliyev isə ölkədə özəlləşdirilmənin genişləndirilməsi məsələsinə diqqət çəkib. Millət vəkili bildirib ki, prezident artıq bu məsələni hökumət qarşısında ciddi şəkildə qoyub: "Hesablama Palatasının hazırladığı rəydən bəlli olur ki, indi büdcəyə özəlləşdirmədən cəmi 100 milyon manatlıq vəsaitin daxil olması nəzərdə tutulur. Hökumətin təqdim etdiyi layihədə bu görünmür. Büdcədə 1,6 milyard kəsir var. Bunun 100 milyon manatının özəlləşdirmə hesabına bağlanması nəzərdə tutulur. Mən dəfələrlə demişəm ki, son illər ərzində ölkədə xeyli sayda idman kompleksləri, olimpiya kompleksləri, səhiyyə obyektləri tikilib. Bir neçə ildən sonra hökumət bu obyektlərin saxlanması üçün vəsait tapmayacaq. Nə qədər ki, dağılıb getmir, nə qədər ki, dəyərini itirməyib, bunları özəlləşdirmək lazımdır".
"Ölkədə tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır" deyən deputat Vahid Əhmədov isə qeyd edib ki, hökumət ipotekaya ayrılan vəsaitin artırılması istiqamətində də işləməlidir.
Millət vəkili Musa Quliyev parlamentdə çıxışı zamanı ünvanlı sosial yardım sistemindən imtina edilməsi məsələsini təklif edib. O, eyni zamanda hökumət qarşısında dərman vəsaitlərinin ƏDV-dən azad edilməsi məsələsini qaldırıb: “Biz ya birdəfəlik bundan imtina etməliyik, ya da mərhələ-mərhələ dərman vəsaitlərini ƏDV-dən azad etməliyik”.
M.Quliyev həmçinin qeyd edib ki, ünvanlı sosial yardımla bağlı bu sahəyə 220 milyon manat pul ayrılır, nazirlik bu istiqamətdə addımlar atır, amma pul yenə də dağıdılır.
Müzakirələrə yekun vuran birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi çətinlik var: “Bu da müvəqqəti haldır, biz bundan çıxacağıq, yaxın zamanlarda da bunun şahidi olacaqsınız”.