Qarabağda ilk çərşənbə - REPORTAJ
Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən baharın ilk müjdəçisi su çərşənbəsidir. Su çərşənbəsinə el arasında əzəl çərşənbə, Novruz çərşənbəsi və gül çərşənbə də deyirlər. Bolluq, bərəkət və firavanlıq rəmzi sayılan Novruz bayramının nəfəsi duyulmaqdadır.
Yazılı mənbələrdə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildən əvvəl yaranıb. Xalqımız 2500 ildən çoxdur ki, Novruz adətlərini, oyunlarını nəsildən-nəslə keçirərək qoruyub saxlayıb. İnanclara görə, Novruz çərşənbələrini necə qarşılasan, növbəti ili də o cür başa vurarsan. Elə bu səbəbdən hər kəs bayram çərşənbələrini çalışaraq keçirməyə çalışır.
Ağdamın Zəngişalı kənd sakini Gülbəniz Nağıyeva deyir ki, təzə ilin başlanğıcında qadınların görəcəyi işlər daha çox olur. Köhnə ilin, qışın hisli-paslı çirkindən qurtulmaq üçün qadınlar qollarını çırmalayıb təmizlik işinə başlayırlar: "İlboyu yuyulmayan mitillər yenidən yuyulur. Gəbələri yuyub təmizləyirlər, qışdan qalan, köhnə ildən qalan. Bu adəti bizim yeni ilimiz kimi qəbul edirik. Köhnədən qalan kirli-bulaşıqlı nə varsa, yuyuruq. Təmiz şeyləri belə suya veririk".
Deyirlər, təbiətdə hər şeydən əvvəl su yaranıb. Su həyat mənbəyidir, su müqəddəsdir. Suyu murdarlamaq olmaz. Təsərrüfatla məşğul olan kəndli taxıl zəmilərinə, yonca sahələrinə ilk yaz suyunu vurur.
Ağdamın Əhmədağalı kənd sakini Namaz Abbasov bildirir ki, su çərşənbəsi dədə-babadan qalmadı adətdir: "Ona görə biz bu suyu məhsulumuza vururuq ki, məhsulumuz bol olsun. Bu, kəndliyə xəbərdarlıqdır ki, yazın suyunu vursun, məhsulunu da götürsün. Yağıntının bu suya aidiyyəti yoxdur. O, suyun yerin verə bilməz. Ona görə də adət qalıb ki, su çərşənbəsi".
Gülbəniz Nağıyevanın sözlərinə görə, yaşadılan adət-ənənələrdən biri də hər kəsin sübh tezdən oyanaraq axar suyun üstündən tullanmasıdır: "Səhər tezdən dururuq, yoldan arx gedirsə, o suyun üstündən atlanırıq. Köhnə ilin qadası-bəlası... Uşaqları da keçiririk o arxdan, köhnə ilin bəlası azalsın, tör-töküntüsü o su ilə axsın getsin, yeni bir əhval-ruhiyyədə olaq. O su kimi təmiz olaq, şəffaf olaq. İnsanlarımız təzə ilə şəffaf qədəm qoysun".
Gülbəniz xanım deyir ki, Novruz çərşənbələri əvvəllər daha maraqlı keçərdi. Kəndin qız-gəlini axar su hövzəsində bir yerə toplanar, təmizlik işlərini bir yerdə görərdilər. Amma indi bir az fərqlidir: "Dəyişiklik var. Əvvəl hara, indi hara? Amma o birlik yenə də var, kəndlərdə var. Özünüz bilirsiniz, bura cəbhə kəndidir. Buna baxmayaraq, əhalidə o qədər gözəl əhval-ruhiyyə var ki... Ona görə ki, ordumuza arxayınıq. Burda bayramı başqa yerdən üstün edirik".
Təzə ilin ilk dörd çərşənbənin dördündə də gün boyu bütün işlərin bitdiyini xəbər verən çərşənbə tonqalı qalanar. Ailə üzvləri niyyət tutub tonqalın üzərindən tullanar. Özü də yeddi dəfə. Hərə ya bir tonqalın üstündən yeddi dəfə, ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmalıdır. Daha sonra kimisi ailə üzvləri ilə, kimisi qonşu və ya qohumlarla bir süfrə arxasına cəmləşər. Deyər, gülər, şadyanalıq edər. Çərşənbə gününün səhəri isə axşam yandırılan çərşənbə tonqalının külünü toplayıb axar su ilə axıtmaq çox vacibdir. Bu da tonqalda qalan dərd-sərin su ilə axıb getməsinə bir işarədir.
Su çərşənbəniz mübarək!