Ruhani: "İran beynəlxalq qurumlarda həmişə Azərbaycanın hüquqlarını dəstəkləyir"

“İran və Azərbaycan xalqı iki bədəndə bir ruhdur. Bizi müştərək tarix, mədəniyyət, məzhəb və din birləşdirir”. APA TV-nin məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

O bildirib ki, İran və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıqda maraqlıdır: “Regionda baş verən məlum hadisələr və terrorizmlə bağlı iki ölkənin təhlükəsizlik və kəşfiyyat sahəsində bir-biri ilə əməkdaşlıq və informasiya mübadiləsi etməsi barədə razılığa gəldik. Eyni zamanda Suriya məsələsi ilə bağlı ortaq fikirləri paylaşdıq. O cümlədən aidiyyəti qurumların bu məsələ ilə bağlı mütəmadi olaraq məsləhətləşmələr keçirməsinə dair ortaq razılığa gəldik. Biz belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Problemin həllində hərbi yola yer yoxdur”.

 

H.Ruhani İranın dinc məqsədli nüvə proqramı hüququnu beynəlxalq qurumlarda dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib. O bildirib ki, bütün ölkələr sülhyönümlü nüvə texnologiyasından istifadə edə bilər və icazə verməməliyik ki, bəzi ölkələr bu texnologiyanı öz inhisarında saxlasın. 

Müəllif | Apa.Tv