Elçin Quliyev Qazaxıstan Sərhəd Xidmətinin direktorunu qəbul edib
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Sərhəd Xidmətinin direktoru polkovnik Darxan Dilmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər. Görüş zamanı Azərbaycan Dövlət Sərhəd Xidməti və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin, o cümlədən qeyri-leqal miqrasiyanın, narkotiklərin qanunsuz daşınmasının, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasının vacibliyi vurğulanıb, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış ediliblər.