Bakıda təbii və texnogen fəlakətlər zamanı yerli qurumların modelləşmə təlimi keçirilir
Bakıda təbii və texnogen fəlakətlər zamanı yerli qurumların təsirini artırmaq üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 2 günlük modelləşmə təlimlərinə start verilib.
APA TV-nin məlumatına görə, ADA Universitetində baş tutan təlim “Şərq Tərəfdaşlığı” ölkələrində təbii və insan fəaliyyətləri nəticəsində meydana gələn fəlakətlərə qarşı hazırlıq, reaksiya və profilaktika proqramının tərkib hissəsidir.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə təmsil etdiyi qurumun Aİ ilə mülki müdafiə radiasiya, tikinti və təhlükəsizlik sahələrində əməkdaşlıq etdiyini deyib. O bildirib ki, FHN “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində təbii və texnogen problemlərin qarşısının alınmasında benefisiar qurum kimi iştirak edir: "Biz beynəlxalq axtarış xilasetmə dəstəsinin işlərinin təkmilləşdirilməsi istiqamətində də əməkdaşlıq edirik. FHN bir sıra beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yardımların çatdırılmasında iştirak edib və bir sıra ölkələrə humanitar yardımlar göndərib".
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard təlim müddətində Azərbaycan ərazilərində baş verən təbii fəlakətlərin konkret hallarda konkret təlim tapşırıqları ilə nəzərdən keçiriləcəyini bildirib. Onun sözlərinə görə, iki günlük tədbir Azərbaycanın təbii fəlakətlərə daha yaxşı hazır olmasına kömək göstərəcək: "Biz FHN-lə əməkdaşlığa həmişə hazırıq. Əməkdaşlıq üçün güclü bünövrə var və biz bu bünövrəyə söykənərək əməkdaşlığımızı gələcəkdə də davam etdirəcəyik".
Xatırladaq ki, layihə ümumilikdə 4 il müddətində həyata keçiriləcək. Layihənin ümumi məbləği 5,5 milyon avrodur.