İşçi Qrupu: Ermənistan 6 mindən çox Azərbaycan vətəndaşını əsir və girov götürüb
"Ermənilər beynəlxalq hüquq normalarını pozmaqda davam edirlər". APA TV-nin xəbərinə görə, bunu "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda keçirilən dəyirmi masada Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, Ermənistanda əsir və girovların yaş həddinə məhəl qoyulmayıb: “Girovluqda yaşı 80, hətta 90-dan yuxarı şəxslər var idi. Eyni zamanda Xocalıda əsir və girov götürülən insanların taleyi haqda məlumat yoxdur”.
İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov çıxışında bildirib ki, 6000-dən artıq Azərbaycan vətəndaşı Ermənistan tərəfindən əsir və girov götürülüb. Onun sözlərinə görə, indiyə kimi 1435 nəfər şəxs əsir və girovluqdan azad edilib: “Hazırda 3860 nəfər şəxs əsir və girovluqdadır. Bunlardan 3162-si hərbçi, 698 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlı şəxslərdir”.
Eldar Səmədov əlavə edib ki, 68 nəfər Azərbaycan vətəndaşı böyük pul müqabilində əsirlikdən azad olunub: “Əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur”.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaradılan İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov isə qeyd edib ki, ən ağır işgəncələrdən biri 5 yaşlı azərbaycanlı qızın 17 güllə ilə qətlə yetirilməsidir: “5 yaşında tamamilə kimsəsiz vəziyyətdə olan, heç bir təhlükə törətməyən məsum bir uşağı şüurlu şəkildə yaxından atəş açaraq qətlə yetirmək yalnız erməni vəhşilərinin əməli ola bilər və heç bir insanlığa sığmır”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran qeyd edib ki, Fransanın Paris şəhərində Ermənistanla Azərbaycan prezidentlərinin görüşündə əsir və itkin düşmüş şəxslərlə bağlı məlumat mexanizminin yaradılması haqda razılaşma əldə olunub: "Nəticədə hər iki tərəfdən əsir düşmüş və girov götürülmüş şəxslərlə bağlı yenilənmiş siyahı müəyyən edildi. Beynəlxalq Qızıl Xaç Komitəsi 4500 nəfəri itkin və əsir götürülmüş hesab edir. Bunların da 80 faizi hərbçilərdir".
Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Seymur Mərdəliyev isə yeni siyahıdakıların əksəriyyətini azərbaycanlılar təşkil edir.