Qubada 16 məktəbin əsaslı təmirə ehtiyacı var
Quba rayonunun Alekseyevka kənd məktəbinin əsaslı təmirə ehtiyacı var. APA TV-nin şimal bürosunun xəbərinə görə, məktəbin hazırkı binası ötən əsrin 60-cı illərində tikilərək istifadəyə verilib.
Məktəb binası vaxtaşırı cari təmir olunsa da, əsaslı iş görülməyib. Valideyn Təvəkkül Allahverdiyevin sözlərinə görə, məktəbdə şagirdlərin normal təhsil almaq imkanları yoxdur: "Məktəb müasir tələblərə cavab vermir. Tavanı pis vəziyyətdə, döşəməsi, qapı-pəncərəsi çürümüş haldadır. Yağış yağanda burda dərs keçmək mümkün deyil. Pəncərələrə sellofan vurmaqdan bezmişik".
Məktəbdə həm Azərbaycan, həm də rus bölməsinin şagirdləri 2 növbədə dərs alırlar. Lakin elektrik xətlərində problemlərin olması xüsusilə qış aylarında ikinci növbədə tədris prosesini çətinləşdirir. Məktəbin direktoru İsa Əlixanlı bildirib ki, üç korpusdan ibarət təhsil ocağının şagird kontingenti 700 nəfərdən çoxdur. Bura ətraf kəndlərdən də şagirdlər gəlir: "Ötən tədris ilində rayon təhsil şöbəsi tərəfindən cari təmir üçün müəyyən material ayrılıb. Dam örtüyündə 100 ədəd şifer dəyişdirilib. Döşəmədə, pəncərələrdə və bəzi yerlərdə boyama işləri aparılıb. İşıq sistemi 1964-cü ildən çəkildiyindən, tez-tez qısaqapanma və açılmalar olur".
Quba rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rüfət Hacıyevin verdiyi məlumata görə, son 10 ildə Quba rayonunda 50-dən çox yeni məktəb binası inşa edilib. Hazırda rayonun 5 kəndində təhsil ocaqlarının inşası davam etdirilir: "Quba rayon Təhsil Şöbəsi tərəfindən əsaslı təmirə ehtiyacı olan məktəblərin siyahısı Təhsil Nazirliyinə təqdim olunub. 15 məktəbin tikintisi planlaşdırılır. 16 məktəbin əsaslı təmirə ehtiyacı var. Təmirə ehtiyacı olan məktəblərdən biri də Alekseyevka kənd məktəbidir".
Ümumilikdə Quba rayonunda 137 məktəb var. Bunlardan 67-si tam orta, 43 isə ümumi orta məktəbdir. Qalan 27 məktəb isə ibtidai məktəblərdir.