Bərdədə evə maskalı basqın: 16 min manatlıq pul və qızıl oğurlandı
Bərdə rayonunda maskalı şəxslər evə basqın edib, evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Bərdə rayonunun Soğanverdilər kəndində qeydə alınıb.
Kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evinə girən 3 nəfər maskalı şəxs ev sahibini döydükdən sonra evdə olan pul, qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar. Hadisə baş verən zaman Vəkil Bayramovun oğlu və gəlini müalicə almaq üçün elə həmin axşam qatarla Bakıya yola düşüblər. Vəkil Bayramovun həyat yoldaşı 1 yaş yarımlıq uşaqla oğlunun yataq otağında yatılı olub. Kimliyi bilinməyən maskalı şəxslər əvvəlcə elə həmin otağa giriblər: "O biri evdə yoldaşımla nəvəm yatmışdı. Gördüm uşaq ağlayır. Durdum ki, görüm o uşaq niyə ağlayır. Mən otağa girəndə məni vurdular, əlimizi ayağımızı bağladılar, pulu-qızılı götürüb getdilər".
Maskalı şəxslər silahlı olub. Elə körpə uşaq da oğrulardan qorxub ağlayırmış. Vəkil Bayramov maskalı şəxslərdən istədiklərini götürməyi, amma onları öldürməməyi xahiş edib: "Birinin əlində tapança vardı, birinin əlində bıçaq. Vallah dedim məni puldan ötrü niyə öldürürsən? Pul o deyha cibimdə amma qızılların yerini bilmirəm".
Bundan sonra maskalı şəxslər Vəkil Bayramovu və həyat yoldaşının üzü üstə uzanmalarını tələb edərək, əllərini və ayaqlarını bağlayıb, evdə axtarışlarına davam ediblər. Oğrular getdikdən sonra ev yiyəsi qonşulara xəbər verib. Evdə olan mobil telefonlar oğurlandığından, polisə ilk xəbəri qonşular verib.
Zərərçəkənin oğlu Elmurad Bayramov: "Həkimdə idik, xalam zəng vurdu, bildik. Təxminən 6 min manat pul vardı, 10 min manat dəyərində qızıl".
Qonşuları Vəkil Bayramovu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, evə basqın edən şəxslərin kimliyi müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. APA TV-nin əldə etdiyi məlumata görə, artıq 3 nəfər maskalı şəxslərdən biri saxlanılıb.