Dostunun evinə basqın etdi: “Yumruqla vurub, ayağını bağladıq”

Sumqayıtda baş verən quldurluq hadisəsinin üstü açılıb. APA TV-nin məlumatına görə, hadisə Sumqayıt şəhərinin 45-ci məhəlləsində, 14 saylı binanın 93-cü mənzilində qeydə alınıb.

 

Sumqayıt sakini, 38 yaşlı Rafiq Ramiz oğlu Həsənov yeyib-içdikdən sonra 27 yaşlı Sənan Vahid oğlu Kərimduxta quldurluq etməyi təklif edib. Sənan Kərimduxt əvvəl razılaşmasa da, sonradan təklifi qəbul edib.

 

Rafiq Həsənov deyir ki, Sənan Kərimduxtla əvvəldən tanışlığı olmayıb: “İçkili idik. Dedim ona belə bir şey. Əvvəlcə razılaşmadı. 3-4 gün sonra “hə, hə...” 2-3 gün getdik, risk eləmədik. Axırıncı gün içkili idim mən. Gözlədik, məktəbdən qayıtdı. 8-ə 10 dəqiqə qalmışdı. Liftdən çıxanda yumruqla vurduq. Yumruqla vurduq 2-3 dəfə. Sonra ayağını bağladıq. Qapını açıb girdik evə”.

 

Rafiq ev sahibini yumruqla vurduğunu desə də, Sumqayıt Şəhər Polis İdarəsindən cinayətin rezin çəkiclə törədildiyini bildiriblər. Başından zərbə alaraq huşunu itirən ev sahibi Ceyhun Məmmədovun əl-qolunu bağlayan saxlanılan şəxslər mənzilə daxil olublar: “Su istədi, verdik. Çalışdıq ki, nəsə başqa şey olmasın. Yəni, Allah iraq eləsin, ölüm-zad, belə söhbətlər olmasın. Qorxutmaq məqsədilə... Belə nə var idisə, götürdük çıxdıq. 480 manat pul idi, bir az da qızıl”.

 

Qeyd edək ki, zərərçəkən Ceyhun Məmmədov saxlanılan Rafiq Həsənovun dostu olub. Saxlanılan şəxslər zərərçəkmişin evində 50 min manat olduğunu zənn edərək bu işə əl atıblar.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin “quldurluq” maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv