Suriya kürdləri və müxalifət atəşkəsi dəstəklədiklərini açıqladılar
Suriyada kürdlərdən ibarət YPG silahlı birləşməsi ölkədə fevralın 27-dən qüvvəyə minəcək atəşkəs razılaşmasını dəstəklədiklərini açıqlayıb. APA TV-nin məlumatına görə, "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.
"Biz hesab edirik ki, iki həftəlik atəşkəs müddəti bir imtahandır. Bu, razılaşmaya hansı tərəfin əməl etdiyini ortaya çıxaracaq və kimin sülh istədiyini, kiminsə buna qarşı olduğunu aydın göstərəcək", - deyə YPG komandalığından bildirilib.
Suriyada Bəşər Əsədə qarşı mübarizə aparan digər müxalif qüvvələrin nümayəndələri də bu addımın Suriya böhranının siyasi yolla həlli üçün vacib olduğunu vurğulayıblar.
Xatırladaq ki, ABŞ və Rusiya arasında əldə olunan razılaşmaya əsasən atəşkəs müddəti ərzində Suriyada İŞİD və ona bağlı olan terror qruplaşmalarına qarşı əməliyyatlar davam edəcək. Bu addımı rəsmi Dəməşq də dəstəkləyib.