Əli Əhmədov: “Bu çətinliyin ömrü uzun olmayacaq”
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyasından sonra bank kreditləri sahəsində əhaliyə güzəştlərin olması və bank faizlərinin aşağı salınması ilə bağlı məsələlərə aydınlıq gətirib.
APA TV-nin məlumatına görə, Ə.Əhmədov bildirib ki, hökumət bu məsələyə münasibətini birmənalı ifadə edib. O deyib ki, hər hansı bir təklifi səsləndirmək çox asandır, amma bunu həyata keçirmək üçün lazımı resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir: “Məsələ ciddi şəkildə araşdırılmalıdır. Əgər imkanlar və resurslar varsa, onlardan istifadə edib, lazımi güzəştlər, kompensasiyalar veriləcək. Yox, əgər imkan yoxdursa, onda sadəcə olaraq bütün dünyada devalvasiya baş verən ölkələrdə hansı addımlar atılıbsa, Azərbaycan da o addımları atacaq”.
Ə. Əhmədov qeyd edib ki, prezidentin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması üçün çox ciddi işlər görülməkdədir: “Güman edirəm ki, çox yaxın zamanda yaranmış bu vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Bu çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa, həyata keçirilməsi mümkün olmayan müxtəlif təkliflərin üzərində uzun diskussiya aparmağa ehtiyac yoxdur”.
Əli Əhmədov YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun nazirlərin Milli Məclisdə büdcə dəyişikliyi ilə bağlı müzakirələrə qatılmaması ilə bağlı iradına münasibət bildirib: “Siyavuş Novruzovun hökumət üzvlərini tənqid etməsi ilə bağlı isə demək istəyirəm ki, fevralın 23-də Milli Məclisin iclasında dövlət büdcəsinin müzakirəsi getməyib. Burada söhbət qəbul olunmuş büdcəyə dəyişikliklərdən gedir. Bunlar fərqli anlayışlardır. 2016-cı ilin dövlət büdcəsi parlamentdə ötən il oktyabrda müzakirə olunaraq təsdiqlənib. Həmin iclasda da Azərbaycanın baş naziri, bütün hökumət üzvləri iştirak ediblər. Həmin iclasda hökumət üzvləri bütün sualları cavablandırıblar. Fevralın 23-də keçirilən iclasda isə həmin büdcəyə müəyyən dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Digər tərəfdən isə Milli Məclis rəhbərliyi tərəfindən bizə heç bir dəvət göndərilməmişdi. Dəvət gəlsəydi, biz də böyük məmnuniyyətlə orada iştirak edərdik. Bütün dünyada parlament iclasları üçün iştirakı məqsədəuyğun sayılan hökumət üzvləri əvvəlcədən dəvət edilir. Amma bizə heç dəvət yox idi. Tənqid yaxşı şeydir, ancaq yerində edilsin”.
İcra katibi bildirib ki, deputat olan zaman o özü də hökumət üzvlərinin büdcənin müzakirəsində fəal iştirak etməməsini tənqid edib.