Firuzə İbadova: "İlhaməni stresslər tükətdi..."

Azərbaycanın xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. Biz hal-hazırda onun İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən evinin qarşısındayıq. Burada mətbuat nümayəndələri hələ ki içəri buraxılmır. Ərazidə polis və prokurorluq orqanlarının işçiləri də var.

 

Acı xəbəri alan sənət dostları da İlhamə Quliyevanın yaşadığı evə toplaşmağa başladı. Onlar bu acı xəbərə inanmaq istəmirdilər.

 

Əli Mirəliyev, qohumu: "Ürəyində tromb olub. Tromb qırılıb. Təzyiqi, şəkəri vardı, böyrəyinin biri sıradan çıxıb, hamısı qarışıb bir-birinə. Bu gün də səhər deyib özümü pis hiss edirəm. Köməkçisi Fatma xanıma deyib ki, Əli Mirəliyevə xəbər edin. O da mənə zəng eləyib, Mərdəkandan durub yuxulu-yuxulu gəlmişəm. Gəlib görürəm bibimin qızı keçinib".

 

Əli Mirəliyev ölüm anı baş verdikdən sonra mərhum xalq artistini müayinə edən həkimin verdiyi ilkin rəyi də nümayiş etdirdi.

 

Firuzə İbadova, müğənni: "45 il mənim İlhamə xanımla təmiz, sırf bacı kimi sənət dostluğumuz olub. Kaş bir az yaşayaydı, stresslər onu tükətdi. Heyif... Azərbaycan sənətində, Azərbaycan mədəniyyətində öz xüsusi yeri olan sənətkar xanım. Allah rəhmət eləsin".

 

Sənət yoldaşı Əlikram Bayramov da inanmaq istəmirdi İlhamə Quliyevanın yoxluğuna: "Azərbaycan incəsənətində böyük bir itki baş verdi bu gün. Bizim çox böyük, dəyərli sənətkarımız, mənim də həyatımda, ömrümdə, sənətimdə çox böyük rolu olan bir insan - İlhamə xanım Quliyeva həyatını dəyişdi. Allah ona qəni-qəni rəhmət eləsin! Hər bir zaman o bizimlədir, hər bir zaman ürəyimizdədir. Onun incəsənətdə oxuduğu böyük əsərləri, böyük mahnıları nə qədər Azərbaycan var, yaşayacaq. Dərin hüznlə başsağlığı veririk".

 

Mərhum xalq artistinin cəsədi müayinədən keçirilmək üçün məhkəmə tibb ekspertizasına aparılıb.

 

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva sabah II Fəxri Xiyabanda dəfn olunacaq. Onunla vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov