Britaniya və Türkiyə səfirləri Quba Soyqırımı Kompleksini ziyarət etdilər

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Quba rayonuna səfər edib. APA TV-nın şimal bürosunun xəbərinə görə, səfir öncə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

 

İrfan Sıddıka ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın nəticəsi olan kütləvi məzarlığın 2007-ci il aprelin 1-də torpaq işləri aparılarkən aşkarlandığı barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.

 

Səfir Qubaya və Memorial Kompleksə ilk dəfə baş çəkdiyini deyib: “Bu, bölgənin tarixini öyrənmək və Quba əhalisinin yaşadığı bu keşməkeşləri öyrənmək üçün gözəl imkandır. Ona görə də səfərimi Quba Soyqırımı Memorial Kompleksini ziyarətlə başladım. Kompleks açıq-aydın göstərir ki, Quba əhalisi 1918-ci ildə hansı əzabları çəkib və qeyri-humanist münasibətlə rastlaşıb”.

 

Daha sonra səfir Quba Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşüb. Diplomat Quba xalçaçılıq sexinə və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə də baş çəkəcək.

 

Bu gün Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da Quba rayonuna səfər edib. Səfir öncə rayonun İqrıq kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını ziyarət edib.

 

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovla görüşdə səfirə Qubanın tarixi, təbiəti burada yaşayan azsaylı xalqlar, ümumilikdə rayon haqqında geniş məlumat verilib.

 

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib: "Sabah Xocalı soyqırımının ildönümüdür. Biz Türkiyədə, şəhərlərimizdə, universitetlərimizdə, müxtəlif qurumlarımızda Azərbaycanın yaxın tarixinin böyük acısını yad edirik. Biz Türkiyə səfirliyi olaraq da hər il tədbirlər təşkil edirik. Bu dəfə də Qubaya gəlmək istədik. Hər şeydən əvvəl o qətliamlarda şəhid olanları rəhmətlə anırıq. Bu kompleks çox önəmli. Çünki o dönəmin gerçəklərinin dünya tərəfindən bilinməsi lazımdır".

 

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra səfir xatirə kitabına ürək sözlərini yazıb.

Müəllif | Apa.Tv
Apa.tv