Səfir: “İran Sumqayıtda dərman istehsalına başlayacaq”

“İran Xudafərin körpüsünü və digər tarixi abidələri təmir edəcək”. APA TV-nin xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, təmir işləri Xudafərin və Qız qalası su bəndlərinin tikintisi ilə bağlı Azərbaycanla İran arasında imzalanmış sənəddə öz əksini tapıb: “Bu baxımdan bu sazişin tarixi və siyasi əhəmiyyəti var. Belə ki, bu tarixi abidələrin hər iki ölkənin tarixi və mədəni irsi kimi qorunması kimi nəzərdə tutulur”.

 

"Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri tarixi səfər idi" deyən diplomat qeyd edib ki, görüşlərdə ən yüksək səviyyədə 11 sənəd imzalanıb. Araz çayı üzərində Xudafərin, Qız qalası bəndlərinin tikintisinə aid olan dövlətlərarası sazişin imzalanması isə xüsusilə böyük hadisədir.

 

Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənəddə İranın Sumqayıtda dərman istehsalına başlaması niyyəti də var. Diplomatın sözlərinə görə, zavod Sumqayıtdakı Kimya parkında tikiləcək: "Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı gələn həftə İran nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Birinci mərhələdə burada ehtiyac duyulan dərmanlar İrandan Azərbaycana gətiriləcək. İkinci mərhələdə dərman istehsalının texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar yüz faiz Azərbaycanda istehsal olunacaq. Birinci və ikinci mərhələ arasında 4-5 il vaxt çəkə bilər".

 

Möhsün Pak Ayin Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında viza məsələsi ilə bağlı müzakirələr aparıldığına da diqqət çəkib: "Tərəflər turizm əlaqələrinin inkişafı üçün viza probleminin həllinin vacibliyini vurğulayıblar. İran vətəndaşları üçün viza rejimi ya birdəfəlik aradan qaldırılacaq, ya da vizaların verilməsi hava limanlarında və ya sərhəd-keçid məntəqələrində həyata keçiriləcək”.

 

Diplomat əlavə edib ki, iki ölkə arasında yaxın dostluq əlaqələrini nəzərə alaraq İran prezidenti bu il ərzində Azərbaycana səfər edə bilər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı