Saxta “Finlyandiya”, “Russkiy Standart”, “Jack Daniels”, “Chivas” - ARAQÇƏKƏNLƏR ƏLƏ KEÇDİ
Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) Abşeron rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində Gürcüstan Respublikasında anadan olan Bərxudar Həsənovun Abşeron rayonunun Saray qəsəbəsində kirayə yaşadığı ünvanda gizli qurduğu sexdə həmyerlisi Şakir Muradov və Şabran rayon sakini Bəhruz Ömərovla birlikdə kustar üsulla saxta spirtli içkilər istehsal etməsi müəyyən edilib.
Sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya Sever Russian Vodka”, “Finlyandiya”, “Russkiy Standart” araqları, “Jack Daniels”, “Chivas” viskiləri, keyfiyyətsiz spirt, Azərbaycan və Rusiya Federasiyasının saxtalaşdırılmış aksiz markaları, eləcə də spirtli içkilərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar götürülüb.
Aşkar edilən spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertizanın rəyinə əsasən həmin spirtli içkilərin keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə yaradan və istifadəyə tamamilə yararsız olması müəyyən edilib.
Hazırda faktla bağlı Baş İdarədə başlanan araşdırmalar davam etdirilir.