Marketdən oğurluq edən Göygöl sakini: "Məni şeytan aldatdı..."

Göygölün Çaykəndi ərazisində Ərəstun Əhmədova məxsus marketdən oğurluq olub. APA TV-nin məlumatına görə, naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq içəri daxil olub və oradan ərzaq və tütün məmulatları, müxtəlif mobil operatorlara məxsus danışıq kartları və spirtli içkiləri oğurlayıblar.

 

Səhər hadisədən ilk xəbər tutan isə mağaza sahibinin oğlu olub. Sarısu polis bölməsinin rəisi Elşən Quliyevin sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin Sarısu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxs müəyyənləşdirilib. Məlum olub ki, bu, əslən Kəlbəcər rayonundan olan və hazırda Çaykənddə yaşayan 26 yaşlı Qüdrət Salahovdur: "Göygöl rayonunun Çaykənd kəndində yaşayan Əhmədov Ərəstun Rüstəm oğluna məxsus ərzaq malları mağazasından Göygöl rayonunun Çaykənd kəndində yaşayan Salahov Qüdrət Orduxan oğlu oğurluq edib. Buna görə də o, tərəfimizdən saxlanaraq Göygöl Rayon Polis Şöbəsinin istintaq qrupuna təqdim olunub. Onun digər cinayətlərdə iştirakının olub-olmaması istintaq əməliyyat yolu ilə araşdırılır".

 

Saxlanılan Qüdrət Salahov oğurluq etdiyini boynuna alıb. İlkin ifadəsi zamanı o bildirib ki, marketə alış-veriş məqsədilə gəlib. Amma marketin tez bağlandığını görərək əsəbiləşib və istədiklərini oğurluq yolu ilə ələ keçirmək qərarına gəlib: "Getdim evə bazarlıq etməyə. Mağaza bağlı olanda evə əliboş qayıtmaq istəmədim. Şeytan aldatdı, oğurluq etmək qərarına gəldim".

 

Qüdrət Salahovun  öz əməlinə bu cür haqq qazandırmaq cəhdi polisi inandırmayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar dava etdirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli