Göyçayda 5 otaqlı ev yandı
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saat 3:30 radələrində rayonun Çaxırlı kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Allahverdiyev Zəkiyə Əlisa qızına məxsus ümumi sahəsi 372 kvadratmetr olan iki mərtəbəli 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin ikinci mərtəbəsindəki ümumi sahəsi 176 kvadratmetr olan 3 otaq içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Ailə üzvləri yatmış olduğundan, yanğın hadisəsindən gec xəbər tutublar. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.