Böyük Britaniya Parlamentində “Xocalı Sülh Mükafatı”nın təqdimatı olub

Böyük Britaniya Parlamentində Xocalı qətliamının qurbanları incəsənət vasitəsilə və ilk “Xocalı Sülh Mükafatı”nın təqdimatı ilə anılıb.

 

APA TV-nin xəbərinə görə, fevralın 24-də Ermənistan-Azərbaycan münaqişəsinin və başqa müharibələrin sülh yolu ilə həllinin təbliği, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə ictimai diqqəti çəkmək məqsədilə Böyük Britaniyada təhsil alan tələbə və gənc rəssamlar tərəfindən təqdim edilmiş bir sıra incəsənət işlərinin sərgisi keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş müsabiqə və sərgi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə həsr edilib.

 

Böyük Britaniya Parlamentinin “Strangers Dining Room” zalında keçirilən tədbirdə Böyük Britaniya Parlamenti üzvləri, Azərbaycan və Türkiyə diasporasının fəalları, mətbuat nümayəndələri, həmçinin, Azərbaycanın dostları və incəsənət həvəskarları iştirak ediblər. Münsiflər heyətində skripkaçı və TEAS-ın incəsənət və mədəniyyət üzrə məsləhətçisi, Nyu York Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyeva və Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman təmsil olunub.

 

Parlament üzvü Bob Bləkman çıxışında bildirib ki, dünya Xocalı qətliamına biganə yanaşıb və təəssüf ki, bu cinayəti törədənlərdən heç kəs məsuliyyətə cəlb edilməyib. "Mən Xocalı qətliamının tanınması məqsədilə bu məsələni Böyük Britaniya Parlamentində müzakirəyə çıxarılması təklifi ilə çıxış edəcəyəm. Bu təklifdə BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsi və ədalətin bəqrərar olunması istənilir” - deyə o qeyd edib.

 

Münsiflər heyətinin daha bir üzvü, TEAS-ın direktoru Lionel Zetter isə deyib ki, Xocalı faciəsi hələ də dünyada az məlum olan hadisə olaraq qalmaqdadır. Bu hadisə Sovet İttifaqının dağılmasından sonra baş verib. O zaman bir çox münaqişələr və sərhəd mübahisələri olduğu üçün Dağlıq Qarabağ dünya mətbuatının diqqətini cəlb etməyib.

 

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzies qeyd edib ki, bu tədbir incəsənət vasitəsilə Xocalı soyqırımına diqqəti cəlb edir.

 

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlara “Xocalı Sülh Mükafatı” təqdim olunub.

 

“Bir yerdə olmaq və birlikdə böyümək” (Staying together and growing together) adlı əsəri ilə kanadalı gənc rəssam Qordon Berqer birinci yeri tutub. Müsabiqədə ikinci yerə “Cənnət quşları” (Birds of Paradise) adlı əsəri ilə britaniyalı gənc rəssam Eileen Anderson, üçüncü yerə isə “İnterfeys” (Interface) adlı əsəri ilə cənubi koreyalı gənc rəssam Seunqjo Jeonq layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv