ARDNŞ-in ixtisaslı fəhlə kadrlara tələbatını ödəyəcək mərkəz yaradıldı

Qobustanda yeni regional təlim, tədris və sertifikatlaşdırma Mərkəzinin açılışı olub. APA TV-nin xəbərinə görə, Dövlət Neft Şirkətinin ixtisaslı fəhlə kadrlara olan tələbatını ödəmək üçün Mərkəzdə 48 sinif otağı, 28 inzibati və köməkçi otaq mövcuddur. Burada 12 ixtisas tədris olunacaq, 370 fəhlə kadrının hazırlanması nəzərdə tutulub. ARDNŞ prezidenti Rövnəq Abdullayev hesab edir ki, Təlim Mərkəzində Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin ixtisaslı fəhlə kadrlarına ehtiyacın ödənilməsi üçün də imkanlar yaradılacaq. Artıq BP şirkətinin ilk sifarişi qəbul olunub.

 

ARDNŞ üçün qeyri-ənənəvi olan 500-dən artıq peşə üzrə fəhlə kadrlarına ehtiyacın təmin olunması məqsədi ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə-texniki məktəbin imkanlarından istifadə olunması planlaşdırılır. Təhsil naziri Mikayıl Cabbarov deyir ki, bununla bağlı Təhsil Nazirliyi ilə ARDNŞ arasında danışıqlar aparılır.

 

Gələcəkdə bu mərkəzdə qaynaqçıların attestasiyası, sertifikatlaşdırılması, audit, simulyasiya aparatında istifadə etməklə hazırlanması və s. peşə sınaqlarının keçirilməsi nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv