Xalça Muzeyində “Xocalı - Qan yaddaşımız” adlı tədbir keçirildi
Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, “Xocalı - Qan yaddaşımız” adlı tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Xalça Muzeyinin “Şuşa filialı”nın təşkilatçılığı ilə gerçəkləşib.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açıb. “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Flora Qasımova faciə ilə fikirlərini bölüşüblər.
Tədbir bədii hissə ilə davam edib. Şuşa rayon Mədəniyyət Evinin şəhid ailələri üzvlərinin iştirakı ilə hazırladığı “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiyada yeniyetmə gənclərin ifasında şeirlər səslənib, eləcə də muğam ifa olunub.
Tədbir iştirakçıları həmçinin Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Xocalı - Qan yaddaşımız” adlı rəsm sərgisi ilə də tanış olmaq imkanı qazanıblar.