Xocalı soyqırımı qurbanlarının xatirəsi Parisdə anılıb
Azərbaycanın Fransadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Azərbaycanın Dostları və “Ulduz” assosiasiyalarının təşkilatçılığı ilə Parisin “Müqəddəs Lüdoviq katedralında” Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib. APA TV-nin məlumatına görə, konsertdən əvvəl Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verib.
Elçin Əmirbəyov bildirib ki, erməni hərbi birləşmələri 24 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törədib, günahsız insanları amansızlıqla qətlə yetiriblər.
Səfir Xocalıda törədilən faciənin Fransanın Oradur-sür-Qlan kəndində törədilən vəhşiliklərlə eyniyyət təşkil etdiyini diqqətə çatdırıb. Bəşəriyyətə qarşı törədilən bu cinayətə beynəlxalq təşkilatlar tərəfindən hələ də siyasi qiymət verilməməsinə təəssüf hissi keçirdiyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayan səfir artıq 12 ölkənin parlamentinin bu faciəni genosid aktı kimi tanıdığını qeyd edib. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilən tədbirlərin əsas məqsədi faciə ilə bağlı ədalətin bərqərar edilməsinə nail olmaq olduğu vurğulanıb.
Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisinin rəhbəri Marie-Laetitia Gourdin və Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva çıxış edərək fevralın 25-dən 26-na keçən müdhiş gecədə erməni hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söz açıblar.
Tədbirdə tarzən Ramiz Quliyev, skripkaçı Sabina Rakçeyeva “Lamoureux” orkestrinin müşayiəti ilə fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” əsərini, Azərbaycan və Avropa musiqiçilərinin əsərlərini ifa ediblər. Orkestrə beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib. Konsertdə Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri də səslənib.