Xalq rəssamı Tahir Salahovun yeni sərgisi açıldı
Xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində “Əsrlərin qovşağında” adlı fərdi sərgisinin təntənəli açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mədəniyyət xadimlərinin, hökumət və dövlət nümayəndələrinin iştirak etdiyi sərgidə çıxış edən xalq rəssamı Ömər Eldarov Tahir Salahovun yaradıcılığı, əsərləri haqqında fikirlərini bildirib: “Tahirin üslubu bir məktəbdir. O, öz əsərləri ilə Azərbaycan rəssamlığında yeni bir mərhələ yaratdı. Tahiri Salahovu bu sərgi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram”.
Tahir Salahov çıxışında sərginin təşkilatçılarına minnətdarlığını bildirib. Onun sözlərinə görə, fərdi sərgidə son illərdə çəkdiyi və ilk dəfə Heydər Əliyev Mərkəzində nümayiş olunan rəsm əsərləri də var. Qeyd edək ki, sərgi Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil edilib və Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Sərgi noyabrın 6-dək davam edəcək. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər də iştirak ediblər.