Azərbaycanın dəstəklədiyi namizəd FİFA prezidenti oldu
UEFA-nın baş katibi Canni İnfantino Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib. APA TV-nin məlumatına görə, o, təşkilatın Sürixdəki konqresində keçirilən seçkinin ikinci turunda qalib gəlib.
Canni İnfantino ikinci turda səslərin lazım olan yarısını toplayıb və FİFA-nın tarixində doqquzuncu prezident seçilib. FİFA üzvlərinin 207-sindən 115-i səsini Canni İnfantinoya verib.
Onun əsas rəqibi şeyx Salman İbrahim əl-Xəlifə 88, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn isə 4 səs toplayıb. FİFA baş katibinin keçmiş müavini, fransalı Ierom Şampana səs verən olmayıb.
Qeyd edək ki, FİFA prezidenti seçkisində Azərbaycanın futbol federasiyası (AFFA) Canni İnfantinonu dəstəkləyirdi. Milli assosiasiyanın yaydığı açıqlamada bildirilirdi ki, İnfantino UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır.
Yeni prezidentin seçildiyi konqresdə AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.