Suriyada atəşkəs rejimi qüvvəyə mindi

Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

 

APA TV-nin məlumatına görə, bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib.

 

Sənəddə qeyd olunur ki, Suriya hökumət qüvvələri, həmçinin müxalif birləşmələr döyüş əməliyyatlarının dayandırılması şərtlərini qəbul etdikləri barədə Rusiya və ABŞ-ı məlumatlandırıblar.

 

Atəşkəs rejiminə əməl olunduğu halda, münaqişə tərəfləri nümayəndələrinin növbəti görüşü martın 7-də keçiriləcək. Bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

 

Qeyd edək ki, ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən fevralın 27-dən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir.

 

Bununla belə, İŞİD və “Cəbhət ən Nüsrə” qruplaşmalarına qarşı əməliyyat davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv