Hillari Klinton: "Ən təhlükəli rəqib Trampdır"
ABŞ-da Demokratlar Partiyasından ölkə prezidentliyinə ən şanslı namizədlərdən sayılan Hillari Klinton respublikaçı Donald Trampı özünün əsas rəqibi adlandırıb. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, keçmiş birinci ledi tərəfdarlarına elektron məktublar göndərərək seçki prosesinin həlledici məqamlarında onu daha güclü dəstəkləməklərini xahiş edib.
"Mən əvvəllər də demişəm, Trampla zarafat etmək olmaz. Bu getdikcə öz təsdiqini tapır. O, rəqib düşərgənin əsas fiqurudur".
Xanım Klinton qeyd edib ki, o, respublikaçıların Ağ Ev-ə girməməsi üçün əlindən gələni edəcək. Namizəd xüsusilə də meksikalıları cinayətkar adlandıran və müsəlmanları ölkə ərazisinə buraxmayacağını deyən Donald Trampın prezident seçilməsini təhlükəli adlandırıb .
Tramp isə partiyadaxili yarışda liderliyini qoruyur. O, Ted Kruz, Marko Rubio, Con Keysik və Ben Karsonu geridə qoyub.
Bəzi mənbələr bildirir ki, milyarderin dövlət başçısı seçiləcəyi təqdirdə ABŞ və Rusiya arasında yaxınlaşma başlayacaq. Belə ki, Trampın xarici siyasətdə ən inandığı məsləhətçilərindən biri Moskva ilə sıx əlaqədə olan bir insandır.