Balakəndə ana 3 yaşlı qızı ilə itkin düşüb
Balakən rayonunda ana və üç yaşlı qızı itkin düşüb. Bu barədə APA TV-yə itkin düşən qadının anası, Balakən rayonunun Qazbinə kənd sakini Əminət Ələkbərova məlumat verib. Əminət Ələkbərovanın sözlərinə görə, qızı, 27 yaşlı Fatma Abdullayeva və nəvəsi Aytac Abdullayeva sentyabrın 20-də evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Anası bildirib ki, həmin gün qızı və nəvəsi evdə tək olub. Axşam saat 18 radələrində evə qayıdan ailə üzvləri Fatmanı və Aytacı tapmayıblar. Evdən çıxarkən Fatmanın əynində qırmızı rəngli xalat, ayağında qara rəngli ayaqqabı, qızının əynində isə çəhrayı rəngli şalvar, köynək olub. Ailə üzvlərinin sözlərinə görə, Fatma evdən çıxarkən pul və əlavə paltar götürməyib. Yalnız özünün və övladının sənədlərini götürən ana və uşağı həmin tarixdən etibarən heç kəs görməyib. Ailə üzvləri 3 gün sonra rayon Polis Şöbəsinə müraciət edib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində axtarış tədbirləri keçirilir. Şöbənin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Anar Mehdiyev faktı təsdiq edib. APA Tv xəbər verir ki, təhqiqatçının sözlərinə görə, Fatma Abdullayeva itkin düşməzdən bir gün öncə - sentyabrın 19-da intihara cəhd edib. Bunun üçün dərman preparatı qəbul edən Fatma Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vəziyyəti yüngül olduğu üçün elə həmin gecə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Bir neçə gün sonra isə onun itkin düşməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Fatma Abdullayeva həyat yoldaşı ilə aralarında yaşanan anlaşılmazlıqlara görə valideynləri ilə birgə yaşayıb. Onun həyat yoldaşının hazırda Rusiyanın Mahaçqala şəhərində yaşadığı bildirilir.