Azad Suriya Ordusu: Atəşkəsdən sonra Əsəd qüvvələri üç döyüşçümüzü öldürüb

Suriya müxalifəti Bəşər Əsəd qüvvələrinin atəşkəsi pozduğunu iddia edib. APA TV-nin Reuters-ə istinadən xəbərinə görə, Azad Suriya Ordusunun nümayəndəsi Fədi Əhməd bildirib ki, ölkənin şimal-qərbində, Cəbəl-Türkmən rayonu ərazisində müxalifətin üç döyüşçüsü hökumət qüvvələri tərəfindən öldürülüb.

Həmin rayon Türkiyə sərhədinin yaxınlığındadır və döyüşçülər Bəşər Əsəd qüvvələrinin hücumuna məruz qalıblar.

"Bu, Suriyada qüvvəyə minən atəşkəs rejiminin kobud şəkildə pozulması deməkdir", - deyə, açıqlamada qeyd olunur.

Suriyada atəşkəs razılaşmasından sonra Dəməşq yaxınlığında və Həma şəhərində də partlayış səsləri eşidilib. Həmin ərazilərdə itki olmadığı bildirilir.

Xatırladaq ki, rəsmi Dəməşq ABŞ və Rusiyanın atəşkəs razılaşmasından sonra bu prosesə riayət ediləcəyinə söz verib və hərbi əməliyyatların yalnız İŞİD və bu terror təşkilatına bağlı qruplaşmalara qarşı aparılacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv