Xəzərdə meyiti tapılan neftçinin dayısı: "Allaha şükür edirik"

Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Cavad Xudaverdi oğlu dəfn olunub. APA-nın Şimal bürosunun verdiyi məlumata görə,  o, doğulduğu Xaçmaz rayonunun Əbiyatağı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin, SOCAR-ın rəsmiləri də iştirak ediblər.

 

Mərhumun dayısı Oqtay Davudov meyitin tapıldığına sevindiklərini deyib: "İki aydan çox idi ki gözümüz yolda idi. Fikirləşirdik ki, görəsən Cavadın meyiti tapılacaqmı? Şükür Allaha ki, tapıldı. İndi bilirik ki, onu dəfn eləyib ziyarət etməyə məzarı var. Ailəsi, qohumları, atası, anası, övladları gözləyirdi ki heç olmasa meyiti tapılsın".

 

Qeyd edək ki, Cavad Xudaverdiyevin 3 övladı var. O, 1991-1995-ci illərdə birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib.

 

C. Xudaverdiyev  dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

 

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Müəllif | Apa.Tv
Apa.tv