Bakıda qadının çantasını alıb qaçan şəxs: "Qabağıma kim çıxsaydı, çantasını aparacaqdım"
Moskva prospektində qadının əl çantasını oğurlayıb qaçan şəxs tutulub. APA TV-nin xəbərinə görə, paytaxt sakini olan qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək tanımadığı şəxsin Moskva prospektində ona məxsus içində 900 ABŞ dolları, 153 manat pul, bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çantanı əlindən alıb qaçması barədə məlumat verib.
Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Ceyhun Seyfullayev saxlanılaraq istintaqa təhvil verilib.
Ceyhun Seyfullayev törətdiyi əməli etiraf edib: "Getdim "Unibank"ın qarşısında durdum. "Şamaxinka" adlanan ərazidə. Qabağıma kim çıxsaydı, çantasını aparacaqdım. Qadın, kişi, artıq mənə fərqi yox idi. Gördüm bir qadın çıxdı bankdan. Mən də çantasını götürüb qaçdım".
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. C. Seyfullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.