Rusiya Suriyada aviazərbələri dayandırdı

"Rusiya  Suriyada aviazərbələrin endirilməsini dayandırıb". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlamanı Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy verib.

Onun sözlərinə görə, Beynəlxalq Suriyaya Dəstək Qrupunun həmsədrləri olaraq, Rusiya və Birləşmiş Ştatlar arasında əldə olunan razılaşmaya əsasən, Rusiya Hərbi Kosmik Qüvvələrinin aviasiya dəstələri "yaşıl zona" adlandırılan ərazilərin bombalanmasını tamamilə dayandırıb. Rudskoy BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamənin qüvvəyə minməsi və aviazərbələrin endirilməsində yanlışlığa yol verilməsi ehtimalını nəzərə alaraq, 27 fevral tarixindən etibarən Rusiyaya məxsus hərbi təyyarələrin döyüş uçuşları həyata keçirmədiyni də sözlərinə əlavə edib.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi indiyədək Xmeynim aviabazasının komandanlığına atəşkəs razılaşmasına qoşulmaq istəyi ilə 17 silahlı birləşmə tərəfindən müraciət edildiyini də diqqətə çatdırıb.

Bu qruplaşmalar sırasına ilk növbədə Əl-Qənimin başçılıq etdiyi "Azad Suriya Ordusu", "İsgəndəron", "Süreym" və "Çelobiya", eləcə də "Səhra şahinləri" və digərləri daxildir.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı sülh prosesinə qoşulmuş silahlı birləşmələrin siyahısını artıq Birləşmiş Ştatlar rəhbərliyinə də təqdim edib.

Müəllif | Apa.Tv
Apa.tv